BMT Təhlükəsizlik Şurasının üzvləri Myanmada vəziyyət üzrə fövqəladə iclasa toplaşacaq.
Bu barədə “Report” “İnterfaks”a istinadən bildirib.
İclasın qapalı olacağı gözlənilir. Qeyd edilir ki, toplantı videokonfrans formatında keçiriləcək.
Daha əvvəl dünya liderləri, o cümlədən Böyük Britaniyanın baş naziri Boris Conson, Avropa diplomatiyasının başçısı Cozep Borrel, eləcə də digər rəsmilər Myanmada vəziyyətlə əlaqədar narahatlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Myanmanın prezidenti Vin Min, həmçinin hökumət başçısı, dövlət müşaviri Aun San Su Çji hərbçilər tərəfindən saxlanılıb. Hərbçilər prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər.
Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Şveni müvəqqəti prezident təyin ediblər.
Dövlət çevrilişi edənlər yeni seçkilərin keçiriləcəyini açıqlayıblar.
Seçkilər gələn il, fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra keçiriləcək. Siyasi marafondan sonra hakimiyyət yeni hökumətə təhvil veriləcək.