Netanyahu Livanla sərhəddə gərginliyin artdığı bir vaxtda ABŞ nümayəndəsini qəbul edib - YENİLƏNİB-2

Netanyahu Livanla sərhəddə gərginliyin artdığı bir vaxtda ABŞ nümayəndəsini qəbul edib - YENİLƏNİB-2 İyunun 17-də ABŞ Prezidenti Cozef Baydenin müşaviri Amos Hokşteyn İsraillə Livanın “Hizbullah” qruplaşması arasında münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailə səfər edəcək.
Digər ölkələr
17 İyun , 2024 22:47
Netanyahu Livanla sərhəddə gərginliyin artdığı bir vaxtda ABŞ nümayəndəsini qəbul edib - YENİLƏNİB-2

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri, Livanla sərhəd ətrafında aparılan danışıqlarda vasitəçi olan Amos Hokşteyni qəbul edib.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

Məlumata görə, görüşdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer də iştirak edib. Ofis danışıqların təfərrüatlarını açıqlamayıb.

Hokşteyn ABŞ Prezidenti Cozef Bayden administrasiyasının İsrail-Livan sərhədində “eskalasiyanın qarşısını almaq” səyləri çərçivəsində Təl-Əvivdədir. Onun İsraildə müxalifət liderləri Yair Lapid və Benni Qantzla görüşü nəzərdə tutulur.

20:03

ABŞ Prezidenti Cozef Baydenin müşaviri Amos Hokşteyn İsrail və Livanın “Hizbullah” hərəkatı arasında eskalasiyanın daha da artmasının qarşısını almaq üçün Təl-Əvivin hərbi rəhbərliyi ilə görüşməlidir.

“Report” xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hokşteyn İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yoav Qalantla görüşlərdə İsrail və Livan sərhədində hərbi əməliyyatların qarşısını almaq üçün səyləri gücləndirməyə çalışmaq niyyətindədir.

Hokşteyn artıq İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Qeyd olunur ki, onlar şimal sərhədində və sakinlərin evlərində təhlükəsizliyinin təcili bərpasının vacibliyini müzakirə ediblər. O, həmçinin Milli Birlik Partiyasının rəhbəri və hərbi kabinetin keçmiş üzvü Benni Qantz, İsrail müxalifətinin lideri Yair Lapidlə görüşəcək.

14:05

İyunun 17-də ABŞ Prezidenti Cozef Baydenin müşaviri Amos Hokşteyn İsraillə Livanın “Hizbullah” qruplaşması arasında münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailə səfər edəcək.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat verib.

Qeyd edək ki, iyunun 17-də səhər saatlarında hava hədəfi İsrail sərhədini keçib. Bundan sonra ölkənin hava hücumundan müdafiə sistemləri işə düşüb və onu zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi