Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ Prezidenti Cozef Baydenlə Vladimir Putin danışıqlar zamanı İkinci Dünya Müharibəsi mövzusunu qaldırıblar.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yuri Uşakovun sözlərinə görə, Bayden öz təşəbbüsü ilə İkinci Dünya Müharibəsi zamanı iki tərəfin, iki xalqın məruz qaldığı qurbanları xatırlamağa başlayıb və yaponların Perl Xarbora hücumunu xatırladıb.
Uşakov qeyd edib ki, ABŞ rəhbəri bu mövzuda çox həssas və təsirli danışır. Bayden müharibə zamanı yaxınlarını və doğmalarını itirdiyini deyib.
Müharibə mövzusunun müzakirəsi zamanı ABŞ Prezidenti qeyd edib ki, Moskva və Vaşinqton planetdə sülhün qorunmasında xüsusi məsuliyyət daşıyır.
Qeyd edək ki, dekabrın 7-də axşam saatlarında Putin və Bayden iki saat bağlı qapılar arxasında danışıqlar aparıb, danışıqlarda əsas diqqət Ukrayna böhranına yönəlib. Ağ Ev qeyd edib ki, ABŞ Prezidenti rusiyalı həmkarını Ukraynada hərbi eskalasiya olacağı təqdirdə sərt cavabla hədələyib.