Tailandın paytaxtı Banqkok şəhərinin adı bundan sonra rəsmi olaraq Krunq Thep Maha Nakhon olacaq.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Tailand Krallıq Akademiyasının bugünkü açıqlamasında bildirilir.
Bununla belə, ingiliscə “Banqkok” (Bangkok) variantının da istifadə oluna biləcəyi qeyd olunur. Hökumət sözçüsünün müavini Ratçada Thanadirek AP-yə bildirib ki, bu dəyişiklik yalnız rəsmi xəbər və sənədlərə şamil olunur, əhali istədiyi addan istifadə edə bilər.
Bununla yanaşı, xarici ölkələrin, bölgələrin, inzibati ərazilər və paytaxtların da yazılışına bəzi dəyişikliklər edilib.
Qeyd edək ki, Tailandın paytaxt şəhəri ölkədə həmişə tai dilində “mələklərin böyük şəhəri” mənası daşıyan Krunq Thep Maha Nakhon adı ilə tanınıb, ingiliscə Banqkok adı isə beynəlxalq aləmdə işlənir. 2001-ci ildə Krallıq Akademiyası Banqkok adını rəsmi ad kimi təsdiqləyib.