Avstraliyada silah məhdudiyyətlərinin tətbiqi və etiraz aksiyalarının qadağan edilməsi təklif olunur

Digər ölkələr
  • 22 dekabr, 2025
  • 06:50
Avstraliyada silah məhdudiyyətlərinin tətbiqi və etiraz aksiyalarının qadağan edilməsi təklif olunur

Avstraliyanın Yeni Cənubi Uels ştatının parlamenti regionda odlu silah dövriyyəsini məhdudlaşdıran və etiraz aksiyalarının keçirilməsini qadağan etməyə imkan verən düzəlişləri nəzərdən keçirir.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ştat hökumətinin başçısı Kris Mins məlumat verib.

Onun sözlərinə görə, parlament tərəfindən təsdiqləndikdən sonra düzəlişlər terror simvollarının kütləvi nümayişini tamamilə qadağan etməyə imkan verəcək və polisə kütləvi toplantılar zamanı təhlükəsizliyi təmin etmək üçün daha geniş səlahiyyətlər tanıyacaq.

"Odlu silah dövriyyəsi sahəsində də ən sərt dəyişikliklər nəzərdə tutulub. Yüksək riskli silahlara çıxış məhdudlaşdırılacaq, lisenziyalaşdırma, saxlama və sahiblərə nəzarət qaydaları sərtləşdiriləcək", - deyə Mins Sidneydə jurnalistlər qarşısında çıxış edərkən bildirib.

Qeyd olunub ki, odlu silah dövriyyəsini tənzimləyən qanuna edilən dəyişikliklər bir nəfər üçün 4 ədəd silah məhdudiyyətini (peşəkar atıcılar istisnadır, onlara 10 ədəddən çox olmayaraq silaha sahib olmağa icazə veriləcək), lisenziyaların hər iki ildən bir məcburi uzadılmasını, kəmər maqazinlərinə qadağanı və silah sahibləri üçün atıcılıq klubuna məcburi üzvlük tələbini əhatə edəcək. Etirazlar haqqında qanunlardakı dəyişikliklər isə Yeni Cənubi Uels ştatının polis rəisinə terror aktından sonrakı üç ay ərzində istənilən etirazın keçirilməsini qadağan etmək, habelə həm müəyyən bir rayonda, həm də bütün ştatda genişmiqyaslı kütləvi aksiyaların keçirilməsindən imtina etmək səlahiyyəti verəcək.

Gözlənilir ki, dekabrın 22-də qanun layihəsi parlamentin aşağı palatası tərəfindən qəbul ediləcək, dekabrın 23-də isə yuxarı palatanın deputatları tərəfindən dəstəklənəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti