Səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Aİ və NATO təsisatlarının nümayəndələrinin Parisdə təşkil edilmiş danışıqları birgə bəyanat olmadan başa çatıb.
“Report” xəbər verir ki, Yelisey sarayındakı görüşü BFMTV telekanalı yayımlayıb.
Telekanala görə, təxminən üç saat davam edən danışıqların yekununda heç bir ümumi kommünike imzalanmayıb. Qeyd olunub ki, bu, iştirakçılar arasında Ukraynaya hərbi kontingentlərin göndərilməsi ilə bağlı yaranan fikir ayrılıqları ilə əlaqədar ola bilər.
“Belə görüşlər qərarlarla başa çatmır, çünki bu hər hansı məcburi və yekun qərarlar qəbul edə bilən orqan deyil”, – Polşanın Baş naziri Donald Tusk mətbuat konfransında söyləyib.
Almaniya Kansleri Olaf Şolts jurnalistlərlə söhbətində etiraf edib ki, Aİ ölkələrinin öz sənaye və sosial sahələrinə zərər vermədən Kiyevə daha çox dəstək verməsi yalnız ayrıca maliyyələşdirmənin təşkili ilə mümkündür.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini Parisdə qeyri-rəsmi görüşə dəvət etmişdi. Görüşdə Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə olunmalı idi.