Almaniyada proqram təminatında kritik boşluqlar barədə xəbərdarlıq edilib

Digər ölkələr
  • 25 oktyabr, 2026
  • 17:37
Almaniyada proqram təminatında kritik boşluqlar barədə xəbərdarlıq edilib

Almaniyada proqram təminatında kritik boşluqların sayının artması, o cümlədən PHP proqramlaşdırma dilində bu yaxınlarda aşkar edilmiş təhlükəsizlik problemləri kibertəhlükəsizlik sahəsində vəziyyətin pisləşdiyini göstərir.

"Report" DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın federal kiberagentliyinin əsas texnologiyalar şöbəsinin rəhbəri Daniel Qille bildirib.

"Bəlkə də, hazırda biz bir növ "göz yaşları vadisi"ndəyik", - ekspert qeyd edib.

Onun sözlərinə görə, zamanla vəziyyət stabilləşə bilər, çünki proqram təminatı sonsuz sayda boşluğa malik ola bilməz. Lakin hazırda kibercinayətkarlar mühüm taktiki üstünlüyə malikdirlər.

Qille izah edib ki, əgər əvvəllər boşluğun öyrənilməsinə və hücumun hazırlanmasına həftələr və ya aylar sərf olunurdusa, indi cinayətkarlar problem barədə məlumat dərc edildikdən sonra bir neçə saat və ya hətta dəqiqə ərzində sındırma sxemi hazırlamaq qabiliyyətinə malikdirlər.

Bununla yanaşı, tərtibatçılar tərəfindən boşluqların aradan qaldırılması xeyli çox vaxt tələb edir, çünki düzəlişlər üzərində iş müxtəlif şirkətlər tərəfindən bir-birindən asılı olmayaraq aparılır.

Bu fonda Almaniyanın İnformasiya Texnologiyaları Sahəsində Təhlükəsizlik üzrə Federal İdarəsi (BSI) PHP-də aşkar edilmiş boşluğa fövqəladə yüksək təhlükə səviyyəsi təyin edib.

Almaniyanın dövlət rəqəmsal resurslarına uğurlu kiberhücumlar hələ ki qeydə alınmayıb. Bununla belə, ölkənin Rəqəmsallaşdırma Nazirliyi mümkün məlumat sızması ilə bağlı yoxlama aparır.

Problemin miqyasını Amerikanın IBM şirkətinin "X-Force" analitik qrupunun məlumatları göstərir. Mütəxəssislərin hesablamalarına görə, 2026-cı ilin ilk doqquz ayında "Microsoft", "Oracle" və "Google" da daxil olmaqla, dünyanın ən böyük proqram təminatı tərtibatçılarında 10,1 mindən çox boşluq aşkar edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 578% çoxdur.

Aşkar edilmiş boşluqların yarıdan çoxu süni intellektin tətbiqi ilə müəyyən edilib və yüksək, yaxud kritik risk kateqoriyalarına aid edilib.

Kibertəhlükələrə qarşı mübarizə yollarından biri kimi, Almaniyanın kiberagentliyi təhlükəsiz proqram kodunun hazırlanmasında Sİ-dən (süni intellektdən) daha geniş istifadəni nəzərdən keçirir. Qurum artıq müvafiq tədqiqat proqramı hazırlayır.

Bundan əlavə, mütəxəssislər eyni boşluqların kütləvi yayılmasının qarşısını almağa imkan verəcək prinsipial cəhətdən yeni arxitekturaya malik Sİ əsaslı eksperimental əməliyyat sistemlərinin yaradılması imkanını öyrənirlər.

Lakin Qillenin etiraf etdiyi kimi, bu konsepsiya hələ ki elmi ictimaiyyətdə ciddi fikir ayrılıqlarına səbəb olur.

Daha əvvəl, oktyabrın 21-də N-tv telekanalı PHP-dəki kritik boşluqlarla əlaqədar sındırılma təhlükəsi səbəbindən Almaniyada bir sıra saytların müvəqqəti bağlanması barədə məlumat verib.

Ekspertlərin hesablamalarına görə, bütün dünyada 400-dən 500 milyona qədər internet resursu PHP-dən istifadə edən "WordPress" sayt idarəetmə sistemində işləyir.

44 filmi