ABŞ və Böyük Britaniya müdafiə məqsədləri üçün atom enerjisinin istifadəsi haqqında müqavilənin müddətini uzadıblar.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Sənəddən məlum olur ki, Vaşinqton və London 1958-ci il tarixli Qarşılıqlı Müdafiə Müqaviləsinə (MDA) “düzəliş qüvvəyə mindiriblər”. Bu müqavilə “qarşılıqlı müdafiə məqsədləri üçün atom enerjisindən istifadə” sahəsində əməkdaşlığı nəzərdə tutur. Sənəd iki ölkəyə müdafiə məqsədləri üçün avadanlıq və məxfi məlumat mübadiləsi aparmağa imkan verir.
“Bugünkü düzəliş müqavilənin tam şəkildə qüvvədə qalmasını təmin edir, bu da uzunmüddətli əməkdaşlığın davam etdirilməsinə, habelə mövcud və gələcək təhdidlərə cavab vermək üçün ABŞ və Böyük Britaniyanın texniki imkanlarının gücləndirilməsinə imkan verir”, – sənəddə qeyd olunur.
Dövlət Departamentinə görə, sənəd, ona edilən düzəlişlər və iki ölkə arasında atom enerjisi sahəsində əməkdaşlıq “Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) müddəalarına tam uyğundur”.
Xatırladaq ki, 2014-cü ildə tərəflər MDA-nın müddətini 2024-cü ilin dekabrına qədər uzatmışdılar.