BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ, Albaniya, Braziliya, Fransa, İrlandiya, Böyük Britaniya, Norveç, Birləşmiş Ərəb Əmirliklərinin, eləcə də Təhlükəsizlik Şurasının üzvü olmayan Yaponiyanın daimi nümayəndələrinin bəyanatında KXDR-in ilkin şərt olmadan dialoqa qayıtması vacibliyi qeyd edilib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, Birləşmiş Ştatların tələbi ilə BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın son ballistik raket buraxılışının müzakirəsi üçün bağlı qapılar arxasında iclas keçirilib.
"Bir daha KXDR-ni sabitliyi pozan hərəkətləri dayandırmağa və dialoqa qayıtmağa çağırırıq. Biz əvvəlki kimi ciddi, davamlı diplomatiyaya can atmağa davam edirik. KXDR regional gərginliyi azaltmaq, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün eyni öhdəliyi ifadə etməlidir", - ABŞ səfiri Linda Tomas-Qrinfild deyib.
"Biz KXDR-i ABŞ və digər ölkələrin ilkin şərt olmadan görüşmək təkliflərinə müsbət cavab vermək çağırışını davam etdiririk", - o əlavə edib.
Bəyanatda deyilir ki, Şimali Koreyanın son ballistik raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub - bu, regionda sabitliyi daha da pozmağa yönəlib.