ABŞ ilin birinci yarısında Rusiyadan 416 ton uran alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
“Report” xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat yayıb.
Rusiya ABŞ-ı yalnız ölkənin əsas “radioaktiv” idxalı olan uran-235 ilə zənginləşdirilmiş yanacaqla təmin edir. Eyni zamanda, təhlil zamanı ABŞ-ın digər ölkələrdən aldığı təbii və tükənmiş uranın idxalı ilə bağlı məlumatlar da nəzərə alınıb.
Xidmətin hesablamalarına görə, bu ilin ilk altı ayında ABŞ Rusiyadan uran alışını 2,2 dəfə - keçən ilin eyni dövründəki 188 tondan 416 tona qədər artırıb.
Sonuncu dəfə belə rəqəm 2005-ci ildə, Rusiyadan ABŞ-a 418 ton yanacaq idxal edildiyi zaman qeydə alınıb.
ABŞ Rusiyadan idxal etdiyi uran üçün 696,5 milyon dollar ödəyib. İl ərzində tədarükün dəyəri 2,5 dəfə artıb. Birləşmiş Ştatlar həmçinin Britaniya, Almaniya, Kanada və Fransadan da uran alışını əhəmiyyətli dərəcədə artırıb.