Bakı. 23 oktyabr. REPORT.AZ/ Pentaqon 2017-ci ildə 40 min hərbçini ixtisar etməyi planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin dərc etdiyi sənəddə bildirilib.
Bu sənəd bir müddət öncə Konqresə təqdim edilib.
"2017-ci maliyyə ilindən gec olmayaraq, 40 min hərbçi ixtisarı ilə bağlı qrafikə ordu əməl etməlidir. Bundan başqa, ABŞ-ın xaricdəki hərbi bazalarının əhəmiyyətli dərəcədə azaldılması da nəzərdə tutulub. 450 minlə (ABŞ ordusundakı hərbçilərin sayı - "Report") müqayisədə ixtisar elə nəzərəçarpacaq deyil", - nazirliyin təhlilçilərinin hazırladıqları sənəddə bildirilib.
Plana əsasən, ABŞ ordusunun demək olar ki, bütün obyektlərində, o cümlədən hərbi düşərgə, limanlarda hərbçilər ixtisar ediləcək. Daha çox ixtisar ölkənin Corciya, Texas, Alyaska, Vaşinqton və Havay ştatlarındakı 6 hərbi bazasında gerçəkləşdiriləcək.
Müdafiə Nazirliyi 2019-cu ilədək hərbi obyektlərdəki mülki vəzifəlilərin də sayını 17 min nəfərədək ixtisar etmək niyyətindədir.
2010-cu ildən indiyədək ABŞ ordusunda 80 min hərbçi ixtisar edilib.