ABŞ Karib regionuna daha bir qrup qırıcı təyyarə göndərir
- 13 dekabr, 2025
- 02:38
ABŞ Cənub Komandanlığının (SOUTHCOM) aviasiya komponentini gücləndirmək üçün Puerto-Rikodakı "Ruzvelt-Rouds" Hərbi Hava Qüvvələri Bazasına beşinci nəsil "F-35A Lightning II" qırıcı təyyarələri yerləşdirir.
"Report" xəbər verir ki, bu barədə "The War Zone" nəşri ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Venesuela sahillərindən təxminən 850 km məsafədə yerləşən bazada artıq ABŞ Dəniz Piyadaları Korpusunun 10 ədəd F-35B qırıcı təyyarəsindən ibarət eskadrilya yerləşdirilib.
Amerikanın hərbi rəsmiləri ABŞ-nin Karib dənizindəki ərazisi olan Puerto-Rikoya yerləşdirilən F-35A qırıcı təyyarələrinin sayını açıqlamayıb. Onlar Vermontdakı Amerika Milli Qvardiyasının 158-ci avia qanadının yerləşdiyi hava bazasından gəlirlər.
Nəşr qeyd edib ki, F-35A-ların Karib hövzəsinə yerləşdirilməsi - ABŞ Hərbi Hava Qüvvələrinin orada yerləşdirilən ilk taktiki qırıcılarının Venesuela hava məkanının dərinliyindəki hədəflərə qarşı 900 kiloqramlıq idarə olunan bombalardan istifadəsinə imkan verəcək.
Hazırda Puerto-Rikoda yerləşdirilən F-35B qırıcıları 450 kiloqramlıq ağırlığında silahlanma ilə məhdudlaşır. Bundan əlavə, onların xeyli qısa mənzili və azaldılmış manevr qabiliyyəti var.
Venesuela yaxınlığındakı Amerika aviasiya qrupuna Karib dənizindəki "USS Gerald Ford" atom daşıyıcısında yerləşən 48 ədəd "F/A-18F Super Hornet" qırıcısı da daxildir. Bundan əlavə, böyük desant gəmisi "USS IU Jima" "AV-8B Harrier" qırıcılarının kiçik qrupunu daşıyır.