ABŞ Maliyyə Nazirliyi İran nefti və neft məhsullarını daşıyan beş şirkət və onların tankerlərinə qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sanksiyalar sahəsində icraya cavabdeh bölməsi olan Xarici Aktivlərə Nəzarət Ofisinin (Office of Foreign Assets Control, OFAC) press-relizində bildirilib.
Qurumun məlumatına görə, bu neft məhsullarının satışından əldə edilən gəlirlər, digər şeylərlə yanaşı, husiləri və onların Yaxın Şərqdəki hücumlarını maliyyələşdirmək üçün xərclənilir. O cümlədən husilərin İsrail ərazisinə, eləcə də Qırmızı dənizdən keçən ticarət gəmilərinə raket və PUA-larla hücumları maliyyələşdirilir.
“Husilər zorakılıq kampaniyalarını davam etdirmək məqsədilə İran neftini nəql etmək və satmaq üçün Səid əl-Camal və onun vasitəçilərinin beynəlxalq şəbəkəsinə bel bağlamağa davam edirlər. ABŞ Maliyyə Nazirliyi husilərə vəziyyəti destabilləşdirməyə imkan verən bu əsas qeyri-qanuni gəlir mənbəyinin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə qərarlıdır”, - ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifələrini müvəqqəti icra edən Bredli T.Smit deyib.