ABŞ polisi 2021-ci ilin iyulunda Haitinin o zamankı Prezidenti Jovenel Moizenin öldürülməsi ilə bağlı ən azı üç şübhəlini həbs edib.
“Report” “The New York Times”a istinadən xəbər verir ki, Venesuela əsilli amerikalı iş adamı Antonio İntriaqo, Kolumbiya əsilli ABŞ vətəndaşı Arkanxel Pretel Ortis və amerikalı Uolter Veyntemilla saxlanılıb.
Şübhəlilər Cənubi Floridada, ilkin versiyaya görə, dövlət başçısının iqamətgahına hücumda iştirak edən 20-yə yaxın keçmiş kolumbiyalı hərbçini işə götürən təhlükəsizlik şirkətinin sahibləridir. Xüsusilə Veyntemilya əməliyyatı maliyyələşdirmək üçün şirkətə 172 min dollar ayırıb.
Ümumilikdə ABŞ-da Moizenin qətlini təşkil etməkdə təqsirləndirilən 10 nəfər həbsdədir. 2021-ci il iyulun 7-də iqamətgahına hücum zamanı o, ölümcül yaralanıb, prezidentin həyat yoldaşı da güllələnib. Hakimiyyət orqanları daha sonra cinayətkar qruplaşmaya Kolumbiyanın 26 vətəndaşının daxil olduğunu, onlardan bəzilərinin həbs edildiyini açıqlayıb.
Qətlə görə 40-dan çox adam həbs edilib.