Zəfər Qurultayının iştirakçıları dünya azərbaycanlılarına müraciət edib

Zəfər Qurultayının iştirakçıları dünya azərbaycanlılarına müraciət edib Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
Diaspor
29 Aprel , 2022 14:01
Zəfər Qurultayının iştirakçıları dünya azərbaycanlılarına müraciət edib

Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

"Report"un məlumatına görə, sənəd aprelin 23-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qəbul edilib.

Müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Hörmətli soydaşlarımız!

Biz, Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Sizi Azərbaycanın mədəniyyət paytaxtından salamlamaqdan qürur duyuruq.

2001-ci il noyabrın 9–10-da Bakı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilmiş Dünya Azərbaycanlılarının l Qurultayından bəri ötən müddətdə müxtəlif ölkələrdə azərbaycanlı icmaların təşkilatlanması və mütəşəkkilliyinin artırılması, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi və milli həmrəyliyimizin məzmunca zənginləşdirilməsi üçün çox iş görülmüşdür. Ulu Öndərin xalqımıza və dövlətimizə bağlılıq hissinə əsaslanan, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası bu dövr ərzində bütün dünyadakı həmvətənlərimiz arasında geniş yayılmışdır.

Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində qısa zamanda azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün cəmi 44 gün ərzində bərpa olunması və bununla da Ermənistanın işğalı üzündən məcburi köçkün vəziyyətinə düşmüş insanlarımızın yurd həsrətinə son qoyulması əslində milli həmrəyliyimizin təntənəsidir.

2020-ci il noyabrın 8-də qürur ünvanımız Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsindəki Zəfərin zirvəsi və Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılan möhtəşəm hadisə oldu. Məhz Şuşanın işğaldan azad edildiyi tarix Azərbaycanın əlamətdar günlər təqviminə "Zəfər Günü" kimi yazıldı.

Vətən müharibəsində tarixi Qələbədən sonra yaranmış yeni geosiyasi reallıq, Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsi, ölkəmizin beynəlxalq məsələlərin həllində yaxından və fəal iştirakı diaspor təşkilatlarımızın qarşısında yeni vəzifələr qoyur.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mədəni-siyasi birliyi və həmrəyliyi müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərindəndir. Bu gün Azərbaycan diasporu böyük mədəni və intellektual potensiala malikdir. Azərbaycanlıların hazırda 33 ölkəni və 130-dan çox diaspor təşkilatını əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir. Harada məskunlaşmalarından asılı olmayaraq, soydaşlarımızın ən başlıca vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti və dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyimizi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində layiqli yer tutmasına öz əməli töhfəsini əsirgəməməkdən ibarətdir.

Müstəqil Azərbaycanın müasir, dünyəvi və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsi dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir. Vətəndən ayrı yaşayan hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfini qorumağa həmişə hazır olan bir dövlət – Azərbaycan Respublikası vardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

Hamımızı azərbaycanlı olmaq kimi ülvi bir amal birləşdirir. Vətəndaşlıq borcu bizi yaşadığımız ölkələr qarşısında hansı məsuliyyətə sövq edirsə, azərbaycançılıq amalı da hər birimizi Azərbaycan xalqı və dövləti qarşısında eyni məsuliyyətə səsləyir. Buna görə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması soydaşlarımızın əsas vəzifələrindən biri olaraq qalmaqdadır.

Əziz həmvətənlər!

Sizə müraciət edərək qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün bütün imkanlarınızdan yararlanmağa, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının həyata keçirilməsi naminə qüvvələrinizi birləşdirməyə çağırır, hər birinizə sağlamlıq, firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi yolunda uğurlar arzulayırıq".

Son xəbərlər

Orphus sistemi