“Vətən anlayışı, millətin taleyi anlayışı ortaya gələndə bizim diasporumuz dəmir yumruq kimi birləşə bilir və onların yumşaq gücü çox qüvvətlidir. Yeni nəsil diaspor nümayəndələrinin yetişdirilməsi məsələsi aktuallıq qazanır”.
“Report” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
“10-15 ildən sonra Azərbaycan diasporunun fəaliyyəti necə olacaq? Siz sonrakı diaspor nəslini böyüdəcək insanlarsınız” – deyən PA rəsmisi vurğulayıb ki, bu haqda Prezident İlham Əliyev çıxışlarında danışıb: “Yaşadığı ölkədən, danışdığı dildən, olduğu mühitdən asılı olmayaraq bir neçə xüsusiyyətlər var ki, onlar dəyişmir. Avropada fiziki olaraq Azərbaycanı görməyən, ancaq azərbaycanlı olan bir nəsil yetişir. Onlar azərbaycanlı olduqlarını heç zaman unutmasınlar, beyinlərindən heç zaman bu ideya silinməsin”.
F.Əliyeva qeyd edib ki, diasporumuzun akademik səviyyəsinin dərinləşdirilməsi bu gün aktual məsələdir:
“Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin məqalələrindən birində çox maraqlı detal oxumuşdum. Qeyd edirdi ki, avropalıların mədəsində həzm olmaq istəmirsinizsə, onların beyinlərinin məhsullarını həzm edin. Yeni nəsil diasporumuz artıq mədədə həzm olunmayacaq, ancaq onlar özləri beyin məhsullarının yaradıcıları olmalıdırlar. Bu həm də Azərbaycan diasporunun hədəfidir. Davamlı işi yeni nəsil həyata keçirə bilər. Onlar artıq həmin ölkələrin bərabərhüquqlu vətəndaşları kimi işləməlidirlər. Akademik səviyyə o qədər dərin, nüfuz sahibi olmalıdır ki, onların sözü keçərli olsun, onları eşidən olsun”.
Onun sözlərinə görə, bu kimi düşüncəli insanlara daim dəstək olmaq lazımdır:
“Onlar anlamalıdır ki, onların missiyası Azərbaycanın mənafeələrinə yönələn haqqın, ədalətin carçısı və həyata keçirmək işidir”.