Polşanın paytaxtı Varşava şəhərində 8 noyabr – Zəfər Gününün birinci ildönümünə həsr olunmuş konsert keçirilib.
Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan konsertdə Azərbaycanın Polşadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Müdafiə Nazirliyinin Polşada ezamiyyətdə olan zabitləri, yerli ictimaiyyətin, Azərbaycan, Türkiyə və Pakistan icmalarının nümayəndələri iştirak ediblər.
Konsert öncəsi ölkəmizin Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və Vətən müharibəsi şəhidi Ramiz Cəfərovun qızı Nigar Cəfərova çıxış ediblər. Onlar bu möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və Türk Dünyasını təbrik ediblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyi, Azərbaycan dövlətinin Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi, sülh və barışın bərqərar olması naminə mühüm addımlar atdığı vurğulanıb.
Sonra dirijor Fərhad Qarayusiflinin rəhbərlik etdiyi orkestrin ifasında Azərbaycanın klassik bəstəkarlarının əsərləri səsləndirilib.