Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, “Şuşa” Azərbaycan Evinin açılışının bədii hissəsi olaraq keçirilən konsert həm də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilib.
Konsertdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Ərciyəz Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru Nigar Ələsgərova, Ərciyəz Universitetinin tarix üzrə professoru, “Şuşa” Azərbaycan Evinin təsisçi idarə heyətinin üzvü Havva Selçuk Kurt, Ərciyəz Universitetinin azərbaycanlı müəllimləri və digər soydaşlarımız iştirak edib.
Konsertdə Azərbaycanın bəstəkar və xalq mahnıları, milli rəqslər ifa olunub.
Konsert kayserililərin böyük marağı ilə qarşılanıb. Sonda F.Muradov, A.Kərimov, M.Yalçın rəqs ansamblının üzvlərinə, solistlərə iştirakçılara plaket və gül dəstələri təqdim ediblər.