Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin iştirakı ilə Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar dostluğu diaspor təşkilatının toplantısı keçirilib.
"Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, toplantıda YAP nümayəndə heyətinin üzvləri ilə yanaşı, 5 ildir fəaliyyət göstərən dərnəyin türkiyəli üzvləri iştirak edib.
Tədbir hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Toplantını açıq elan edən təşkilatın sədri Lalə Həsənova iştirakçılara dərnəyin fəaliyyət istiqamətləri barədə məlumat verib.
O bildirib ki, əsas hədəf Antalyada yaşayan həmvətənlərimizi bir araya toplayaraq problemləri ilə maraqlanmaq və onlara dəstək göstərməkdir: "Fəaliyyətin qarşılığı olaraq Türkiyənin Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən "Qızıl qaranquş" mükafatına layiq görülüb".
Ardınca diaspor təşkilatının nəzdində fəaliyyət “Vətən” milli rəqs qrupu çıxış edib. Sonra təşkilatın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Çıxışçılar iki ölkə arasındakı dostluq əlaqələrindən söz açıblar.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar - Ramil Həsən, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.