Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu başlayıb.
"Report" xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilir.
Forumda iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyası müzakirəsi olunur.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın milli siyasət üzrə dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Özbəkistan Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstanın “Otandastar” Fondunun Beynəlxalq şöbəsinin müdiri Kalybek Koblandin, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinin rəisi Kemal Köprülü iştirak edirlər.
Forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr, TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənada yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılacaq.
Forum Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.