Rusiyada gənc azərbaycanlı həkim təltif olundu - MÜSAHİBƏ

Rusiyada gənc azərbaycanlı həkim təltif olundu - MÜSAHİBƏ Həkimlik fəaliyyəti zamanı üzləşdiyi çətinliklər barədə Səbinə Mikayılova “Report”un Rusiya bürosuna danışıb
Diaspor
9 Fevral , 2021 18:31
Rusiyada gənc azərbaycanlı həkim təltif olundu - MÜSAHİBƏ

Rusiya Dövlət Duması (parlament) həkim peşəsinə sədaqətinə, fövqəladə şəraitdə göstərdiyi peşəkarlıq və fədakarlığa görə azərbaycanlı həkim Səbinə Mikayılovaya təşəkkürnamə göndərib.

Həkimlik fəaliyyəti zamanı üzləşdiyi çətinliklər barədə Səbinə Mikayılova “Report”un Rusiya bürosuna danışıb:

- Səbinə xanım, bu yüksək təltifi alanda hansı hisslər keçirdiniz?

- Mənim üçün bu həm xoş, həm də gözlənilməz oldu. Məncə, pandemiya dövründə digər əməkdaşlara baxanda daha çox çalışdığım üçün mənə bu qədər yüksək diqqət yetirildi. Bəlkə qəribə görünə bilər, amma bu səviyyədə təşəkkürə layiq olan nəsə böyük bir iş gördüyümü düşünmürəm.

- Koronavirus pandemiyası dövründə Sizə hansı işlər həvalə olunub?

- Təsdiq olunmuş koronavirus xəstəsi olanlarla evlərində işləyirəm. Sözsüz ki, belə fəaliyyət yüz faiz bioloji təhlükə deməkdir. Amma universiteti bu il bitirdiyimə görə mənim üçün bir tərəfdən yaxşı təcrübə oldu.

- Sağlamlığınız naminə pandemiya dövründə həkimlik fəaliyyətinə ara vermək fikrinə düşmədiniz?

- Yox. Bəli, qorxu hissi vardı, amma bu qorxu özümə görə yox, doğmalarımın, ətrafdakıların həyatı üçün olub. Onları yoluxdurmaqdan qorxurdum. Moskvaya gələndən sonra koronavirus xəstələrilə işləməyə başlaya bildim. Əvvəllər isə ata-anamla Novosibirski şəhərində yaşayırdıq.

- Xəstələrin evlərinə gedərkən hansı psixoloji çətinliklərlə üzləşmisiniz?

- Bilirsiniz, özümə gəlincə, qəti qorxmurdum. İnsan təbiəti belədir ki, müəmmadan, bilinməyən şeydən qorxur. İşin təfərrüatını biləndə isə qorxulu bir şey qalmır. Bununla yanaşı, sosial işlər zamanı necə bir insana rast gələcəyimizi, onun hansı hissiyyat sahibi olacağını əvvəlcədən bilmək olmur. Bəziləri koronavirusa yoluxduqlarını öyrənəndə ya özündən gedib bayılır, ya da başlayır ağlamağa, hətta hansısa dünya qəsdindən danışaraq onları aldadıb, üstəlik buna görə pul da aldığım üçün məni təqsirkar bilirlər. Amma mən özüm belə adamam ki, mənimlə dalaşmaq müşkül məsələdir. Odur ki, hər kəslə dil tapa bilirəm. Yəni iş əsnasında çətinlik olur, amma bunlara nəyə görə getdiyini bilirsənsə, hamısı həll olunur.

- Siz nə üçün bunlara gedirdiniz?

- Birincisi, cəmiyyət üçün faydalı olmaqdan xoşum gəlir, onda özümü rahat hiss edirəm. İkincisi, yəqin ki, peşəkar olaraq özümü doğrultmaq istəyirdim, çünki bununla həm nadir təcrübə qazanmaq, həm də həyatla bağlı çox şeyi dərk etmək imkanı əldə etmişəm. Üçüncüsü də, insanlıq naminə. Hər birimiz qarşısında insan olmaq və ya olmamaq seçimi var. Fikrimcə, məhz belə çətin vaxtda bir-birimizə kömək olmalıyıq.

- Siz hər gün bu təhlükəyə məruz qalanda yaxınlarınız nə deyirdilər?

- Təbii ki, daim ata-anamla əlaqə saxlayırdım. Həmçinin qohumlarım da tez-tez zəng vururdu. Burada əsas olan bu məsələyə bələd olub-olmamaq, həkimin nələrlə üzləşdiyini dərk etməkdir. Əlbəttə, doğmalarım məndən ötrü çox qorxurdular. Amma başıma heç nəyin gəlmədiyini, hər şeyin nəzarətdə olduğunu görəndə qorxu hissi tədricən yox olmağa başladı.

Son xəbərlər

Orphus sistemi