Tbilisi Şəhər Şurası (sakrebulo) Azərbaycanın böyük şairi Əhməd Cavadın adını daşıyan küçədəki lövhələrlə bağlı məsələni nəzarətə götürüb.
Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq şuranın Ad və simvolika üzrə Komissiyasından bildirilib.
Agentliyin Tbilisi Şəhər Şurasına göndərdiyi sorğuda qeyd olunub ki, Gürcüstanın paytaxtında Azərbaycanın məşhur şairi, ictimai xadimi və dövlət himninin müəllifi, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan Azərbaycan dilinə tərcümə edən Əhməd Cavadın adını daşıyan küçə var. Lakin küçədəki lövhələrdə ciddi səhvlər mövcuddur. Sorğuda xatırladılıb ki, bu ilin mayın 5-də Ə.Cavadın anadan olmasının 128-ci ildönümü tamam olacaq: “Küçənin lövhələrindəki səhvlərin düzəldilməsi ədibin xatirəsinə ehtiram əlaməti olar”.
Komissiyadan bildirilib ki, qeyd olunan səhvlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.
“Report”un yerli bürosu məsələni diqqətdə saxlamaqda davam edəcək.
Qeyd edək ki, Əhməd Cavad küçəsi Tbilisinin İsani rayonunda yerləşir. 2011-ci ildən bu adı daşıyan küçənin lövhələrində şairin gürcü dilində adı və soyadı düzgün yazılsa da, ingilis dilində soyadda səhvə yol verilib. Xarici dildə şairin soyadı Djavad əvəzinə Djavadan kimi göstərilib.