Fransanın paytaxtı Parisdə Fransadakı Azərbaycan Səfirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycanın Fransada Dostları Assosiyasiyasının dəstəyi, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə uşaqlar üçün Novruza həsr olunmuş bayram şənliyi təşkil edilib.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Paris və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqlar və fransalı azyaşlı qonaqlar iştirak ediblər.
Tədbiri Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva açaraq qonaqlara Novruz bayramı haqqında məlumat verərək milli adət ənənələrimizi özündə əks etdirən bu bayramın nəsildən nəsilə ötürülməsinin çox vacib olduğunu vurğulayıb.
Layihə rəhbəri Mehri Quliyeva uşaqlara Novruz atributları haqqında ətraflı məlumat verib. Fransalı uşaqlara yumurta döyüşü, papaqatma və digər Novruz adətləri nümayiş olunub. Uşaqlar şəkərbura hazırlamağı və Novruz süfrəsi bəzəməyi öyrəniblər.
Qonaqlara Novruz şirniyyatları da təqdim olunub.
Tədbirin ikinci hissəsində Azərbaycanlı uşaqlar bayram musiqilərimizi, milli rəqslərimizi ifa edib, Novruz bayramının ənənələrini əks etdirən səhnəciklər göstəriblər.
Tədbir çərçivəsində azərbaycanlı rəssamlar Mehri Quliyeva və Ruziyə Xəlilovanın boz ayın dörd müqəddəs çərşənbəsinə və baharın müjdəsi, xalqımızın qədim tarixinin, mədəni irsinin, zəngin folklorunun təcəssümü olan Novruz bayramına həsr olunmuş rəsm əsərlərinin sərgisi də təşkil olunub.