Nuran Abdullayev: “Xaricdə media sahəsində gücümüzü artırmalıyıq”

Nuran Abdullayev: “Xaricdə media sahəsində gücümüzü artırmalıyıq” "Postmüharibə dövründə qarşımızda duran əsas vəzifələrdən biri də sülhpərvər olduğumuzu hər kəsə göstərməyimizdir. Ümumiyyətlə, postmüharibə dövründə diaspor fəaliyyətindən danışırıqsa, dəyərlərə önəm verdiyimizi heç vaxt yaddan çıxarmamalıyıq. Mənim üçün
Diaspor
22 Aprel , 2022 16:14
Nuran Abdullayev: “Xaricdə media sahəsində gücümüzü artırmalıyıq”
Nuran Abdullayev

"Postmüharibə dövründə qarşımızda duran əsas vəzifələrdən biri də sülhpərvər olduğumuzu hər kəsə göstərməyimizdir. Ümumiyyətlə, postmüharibə dövründə diaspor fəaliyyətindən danışırıqsa, dəyərlərə önəm verdiyimizi heç vaxt yaddan çıxarmamalıyıq. Mənim üçün dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərin yetişdirilməsi əsas prioritetlərdən biridir".

"Report" xəbər verir ki, bunu tibb elmləri doktoru, Köln Universitetinin dosenti, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri Nuran Abdullayev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çərçivəsində keçirilən “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, postmüharibə dövründən sonra yaranan yeni reallıq özünü nəinki Azərbaycanın dünya miqyasında olan siyasi fəaliyyətində, eləcə də Azərbaycanın adı ilə bağlı olan bir çox sahələrdə də əks etdirir:

"Düşünürəm ki, bu gün Azərbaycan olaraq diaspor fəaliyyətindəki inkişafın yeni mərhələsinə çatmışıq. Əminliklə deyə bilərəm ki, bu da ölkə rəhbəri İlham Əliyevin birbaşa tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin, onun rəhbəri Fuad Muradovun və komandasının özlərinə məxsus şəkildə olan nizam-intizamlı fəaliyyəti sayəsində mümkün olub”.

N.Abdullayev bildirib ki, gələcək fəaliyyət istiqamətləri akademik və qeyri-akademik səviyyələr olaraq ayrılmalıdır: “Ümumi olaraq isə vəzifələr və məqsədlər eynilik təşkil etməlidir. Vəzifə və məqsədlərdən danışarkən düşünürəm ki, Vətən müharibəsi zamanı yaşadıqlarımızı göz qabağına gətirmək və bizə qarşı doğru olmayan mövqeləri düşünərək yola çıxmaq lazımdır. Belə ki, bundan sonrakı mərhələdə bizi tanımayanlara Azərbaycanın necə sülhpərvər ölkə olduğunu və cənab Prezidentin dediyi kimi düşmənə yalnız döyüş meydanında beynəlxalq qanunlar çərçivəsində cavab verən ləyaqətli bir ölkə olduğumuzu göstərməliyik. Fəaliyyət istiqamətində bizim Vətən müharibəsində ləyaqət prinsipini əsas tutmağımız önə çıxarılmalıdır. Bu cür fəaliyyətlərin intensivliyini daha da aktiv etmək üçün bu gün ölkədə olan, amma xarici ölkələrdə dövlətçilik prinsiplərini əsas tutaraq müvafiq ixtisaslarda təhsil ala biləcək gənclərə şərait yaradılmalı və onların seçiminə xüsusi diqqət yetirilməlidir. Bu yol xəritəmizin önəmli meyarlarındandır. Bundan əlavə, Azərbaycan diasporunun yol xəritəsində çox önəmli yer tutacaq digər məsələlərdən biri də xarici ölkələrdəki media gücümüzü inkişaf etdirməkdir ki, bunun da önəmini bir daha Vətən müharibəsində gördük. Buna da ən üst səviyyədə ixtisaslı kadrlara və eləcə də gənclərə jurnalistika sahəsində xaricdə təhsil almaq şəraiti yaratmaqla, onlara dəstək olmaqla ən etibarlı şəkildə nail olmaq mümkündür”.

N.Abdullayev qurultayda iştirak edən və iştirak etməyən xarici ölkələrdə yaşayan bütün soydaşlarımıza çağırış edib: “Gəlin, diaspor nümayəndələri olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və lazım olanda bəzi qüvvələrin yalanlarını ifşa etmək məsələsində cənab Prezidentdən nümunə götürək!”

Son xəbərlər

Orphus sistemi