Ədirnədə "Zəfərə doğru uzanan yol" adlı konfransı keçirilib
- 27 sentyabr, 2026
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Ədirnə şəhərində yerləşən Trakya Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş "Zəfərə doğru uzanan yol" adlı konfrans keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, konfrans Ədirnə vilayət rəhbərliyinin, Trakya Universitetinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Ədirnə Azərbaycan Evi Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan və Türkiyənin millət vəkilləri, diplomatlar, diaspor təşkilatlarının rəhbərləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
İştirakçılar əvvəlcə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazilərində törədilmiş dağıntıları əks etdirən fotosərgi ilə tanış olublar. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Konfransda Vətən müharibəsi dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə keçirdiyi tədbirlər, həmçinin Prezident İlham Əliyevin həmin dövrdə beynəlxalq və xarici media nümayəndələrinə müsahibə və çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə əsas məruzəçi kimi Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, professor Musa Qasımlı Vətən müharibəsinin tarixi və siyasi əhəmiyyətindən, Zəfərə aparan yol və müharibənin nəticələrindən danışıb, xüsusi təqdimatla çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbuldakı Baş konsulu Zamin Əliyev, Milli Məclisin üzvü Məşhur Məmmədov, Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ədirnə Bələdiyyə başqanı Filiz Fencan, Trakya Universitetinin rektoru, professor Mustafa Hatipler, Ədirnə Valisinin müavini Şevket Atlı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Adalət Turan və Ədirnə Azərbaycan Evi Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tamer Karadağ iştirak və çıxış edib.
Çıxış edənlər 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından, Vətən müharibəsində qazanılan Zəfərdən, işğal dövründə törədilən dağıntılardan, eləcə də Azərbaycan-Türkiyə münasibətlərindən danışıblar.
Tədbirin bədii hissəsində Xalq artisti Əlixan Səmədov və Mərsin Universitetinin müəllimi Mələk Qocayevanın müşayiəti ilə Əməkdar artist Anar Şuşalı Azərbaycan-Türkiyə qardaşlığına və xalqımızın qəhrəmanlığına həsr olunmuş musiqi nömrələri təqdim edib.