Dünya azərbaycanlılarının elm xadimləri İstanbulda görüşüb - YENİLƏNİB

Dünya azərbaycanlılarının elm xadimləri İstanbulda görüşüb - YENİLƏNİB Dekabrın 9-da İstanbulda “Dünya Azərbaycanlılarının elm xadimlərinin görüşü” mövzusunda tədbir keçirilir.
Diaspor
9 Dekabr , 2022 17:00
Dünya azərbaycanlılarının elm xadimləri İstanbulda görüşüb - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib.

"Report"un xəbərinə görə, Türkiyə Elmlər Akademiyası Şurasının üzvü, Sabahattin Zaim Universitetinin rektoru  Prof.Dr. Ahmet Cevat Acar dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarının əhəmiyyətindən və bu gün daha vacib olmasından danışıb. 

Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəhbəri Ülkər Səttarova beynəlxalq elmi layihələrin Azərbaycana gətirilməsi və gənc alimlərin formalaşdırılması işinə bugünkü toplantının töhfə verəcəyinə əminliyini ifadə edib.

Münhendəki Helmholtz Mərkəzinin (Hesablama Biologiyası İnstitutu) professoru, Humboldt mükaftı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev görüşün əhəmiyyətindən danışmaqla yanaşı, Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin Dana və Devid Dornsayf kimya kafedrasının müdiri, Amerika və İsrailin tanınmış alimi Arye Varşelin (Arieh Warshel) tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Arye Varşel İstanbul toplantısı iştirakçılarına uğurlar arzulayıb, gələn il keçirilməsi nəzərdə tutulan xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun keçirilməsini vacib təşəbbüs adlandırıb və Dünya Azərbaycanlı Alimlərin Forumuna dəvəti qəbul etdiyini bildirib.   

Kanadanın Ontario ştatının Vaterloo Universitetinin sabiq prezidenti, mexanika mühndisliyi üzrə professor Ferudin Həmdullahpur “Sürətlə dəyişən dünyamızda Elm/sənət-Cəmiyyət-İqtisadiyyat Üçbucağı: ali təhsilin yeri və rolu” mövzusu üzrə təqdimatla çıxış edib. 

Tədbirdə konsepsiyaya uyğun olaraq görüşün məqsədləri nəzərdən keçirilib, iştirakçıların rəy və təklifləri dinlənilib, əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə İşçi qrupları formalaşdırılıb. 

Dünya Azərbaycanlı Alimlərin Forumunun keçiriləcəyi ölkənin və məqsədəuyğun vaxtın seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

14.24

Dekabrın 9-da İstanbulda “Dünya Azərbaycanlılarının elm xadimlərinin görüşü” mövzusunda tədbir keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

Görüşə Rusiya, ABŞ, Kanada, Yaponiya, Almaniya, Avstriya və digər ölkələr olmaqla ümumilikdə 19 dövlətdən 25 iştirakçı qatılıb.

Tədbirdə çıxış edən Diaspor Komitəsinin sədri Fuad Muradov dünya alimlərinin Azərbaycana dəstəyinin vacibliyini vurğulayaraq bildirib ki, işə sistemli yanaşmaq üçün alimlərimizin birgə fəaliyyəti istiqamətdə yaradılacaq təşkilatın gələcəkdə atacağı addımlarla bağlı elm adamlarının qərar verməsi vacibdir.

Qeyd edilib ki, bu iş heç bir dövlət qurumu və ya təşkilat tərəfindən deyil, sadəcə alimlərin irəli sürdüyü qərarlar əsasında müəyyən edilməlidir. Elm adamları təşkilatın ümumi formalaşması, fəaliyyət istiqamətləri və bölmələri üzrə qərarlar qəbul etməlidirlər. Azərbaycan dövləti isə öz növbəsində verilən bu qərarlara dəstəyini göstərəcək. Bu işin əsas istiqaməti və məsuliyyəti də alimlərin fəaliyyətindən ibarət olmalıdır.

Tədbirdə çıxış edən TADEF-in sədr müavini Pərviz Məmmədzadə ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlıları və Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edib, hazırda bu qayğının dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini deyib. Azərbaycan diasporunun fəaliyyətlərinə toxunan çıxışçı komitənin fəaliyyət istiqamətlərinin genişləməsinə toxunub, eləcə də təmsil etdiyi qurumun gördüyü işlər barədə məlumat verib.

Görüş məqsədlərin konsepsiyaya uyğun olaraq nəzərdən keçirilməsi, iştirakçıların rəy və təkliflərinin dinlənilməsi ilə əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə işçi qrupların formalaşması əsasında davam edib. Mövzu ilə bağlı alimlərin məruzələri dinlənilib.

Mərasimdə 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda işçi qruplarının rəy və təkliflərinin ümumiləşdirilərək qarşılıqlı və ətraflı yekun müzakirəsi, tövsiyələr və atılacaq gələcək addımların müəyyənləşdirilməsi, görüşün protokolunun, o cümlədən növbəti tədbir və görüşlərin vaxtının dəqiqləşdirilməsi kimi məqamları əhatə edən qətnamənin qəbulu gözlənilir.

Son xəbərlər

Orphus sistemi