Xüsusi ayrılan zolaqlardan çıxan avtobus sürücüləri cərimələnməlidir – RƏY

Xüsusi ayrılan zolaqlardan çıxan avtobus sürücüləri cərimələnməlidir – RƏY Son vaxtlar paytaxt küçələrində tıxacların qarşısının alınması istiqamətində avtobusların hərəkəti üçün zolaqların ayrılması ictimai nəqliyyatın hərəkətini yüngülləşdirsə də, minik avtomobillərinin sürücüləri digər bir problemin yarandığını bildirirlər.
Daxili siyasət
11 Oktyabr , 2024 11:12
Xüsusi ayrılan zolaqlardan çıxan avtobus sürücüləri cərimələnməlidir – RƏY

Son vaxtlar paytaxt küçələrində tıxacların qarşısının alınması istiqamətində avtobusların hərəkəti üçün zolaqların ayrılması ictimai nəqliyyatın hərəkətini yüngülləşdirsə də, minik avtomobillərinin sürücüləri digər bir problemin yarandığını bildirirlər.

Belə ki, avtobus sürücüləri onlar üçün xüsusi ayrılmış xətlər olduğu halda, digər xətlərə daxil olurlar ki, bu da digər sürücülərdə narazılıq yaradır. Qeyd olunur ki, bir çox şəhərlərdə xüsusi ayrılan xətlər olduğu halda avtobus sürücülərinə bu xətləri tərk etmək qadağan edilir.

Milli Məclisin üzvü Azər Badamov “Report"a deyib ki, hazırda avtobus sürücülərinin onlar üçün ayrılmış zolaqlardan kənara çıxması müşahidə olunur.

"Şəxsi avtomobillərə ictimai nəqliyyat üçün ayrılmış zolaqlarda hərəkətinə qadağa qoyulduğu kimi, ictimai nəqliyyat vasitələrinə də digər avtomobillərin hərəkətinə mane olunmasına qadağa qoyulmalıdır. Avtobus sürücülərinə inzibati tənbeh tədbirləri görülmədiyinə görə onlar yollarda xaotik hərəkətlər edir və ümumi hərəkət dinamikasını pozur. Bu baxımdan ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə də hərəkət zamanı yaradılan süni sıxlığına görə cərimələrin tətbiq olunmasının zəruri hesab edirəm", - A.Badamov qeyd edib.

Azər Badamov
Azər Badamov

Onun sözlərinə görə, yol hərəkəti iştirakçılarının hamısı eyni məsuliyyət daşıyarsa, tıxaclara rəğmən sürücülük və hərəkət mədəniyyəti formalaşmış olar.

Milli Məclisin üzvü Səbinə Salmanova isə "Report"a açıqlamasında bildirib ki, avtobuslar üçün ayrılmış zolaqlardan kənara çıxan marşrut sürücüləri cərimələnməlidir.

O xatırladıb ki, avtobus zolaqları Bakıda nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə yaradılıb. Deputat qeyd edib ki, hazırda bir çox küçələrdə avtobuslar üçün xüsusi xətlər ayırıb ki, bu da ictimai nəqliyyatın hərəkətini nisbətən asanlaşdırıb.

“Amma bununla belə görünən odur ki, avtobus sürücüləri onlar üçün ayrılan xətlərin mövcudluğuna baxmayaraq ordan kənara çıxırlar ki, bu da minik avtomobilləri sürücülərinin narazılığına səbəb olur. Dünyanın bir çox şəhərlərində avtobuslar üçün xüsusi xətlər ayrıldıqda, onlara həmin xətdən kənara çıxmaq qadağa edilir. Hətta qarşısında digər avtobus varsa, sürücü qarşısındakının getməyini gözləyir, xətdən kənara çıxıb onu ötmür”, - deputat vurğulayıb.

Səbinə Salmanova
Səbinə Salmanova

S.Salmanova əlavə edib ki, bu məsələ qanunvericilik səviyyəsində həll edilməlidir və İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələrin edilməsi daha yaxşı olardı.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a bildirilib ki, manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar:

"Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir".

Son xəbərlər

Orphus sistemi