İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
- 29 noyabr, 2026
- 02:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 29-da İspaniyada ölkənin ikipalatalı parlamenti olan Baş Kortesə növbədənkənar seçkilər keçiriləcək.
"Report" xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Deputatlar Konqresinin (parlamentin aşağı palatası) 350 üzvü və Senatın (yuxarı palata) 209 üzvü seçiləcək.
Təxminən 22,5 min seçki məntəqəsi Bakı vaxtı ilə saat 12:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Səsvermə hüququna malik İspaniya vətəndaşlarının sayı 38,6 milyonu ötür. Onlardan təxminən 2,6 milyonu xaricdə yaşayır.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, səsvermə günü ictimai asayişin qorunmasına 100 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunacaq. Səslərin ilkin hesablanmasına seçki məntəqələri bağlandıqdan sonra başlanılacaq.
İspaniyada növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulub. Lakin oktyabrın 5-də Baş nazir Pedro Sançes Deputatlar Konqresinin mənzil sektoru ilə bağlı hökumətin iki dekretini rədd etməsindən sonra növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.
Əgər partiyalardan heç biri Deputatlar Konqresində mütləq çoxluğu əldə edə bilməsə, seçkilərin nəticələrindən sonra koalisiya hökumətinin formalaşdırılması ilə bağlı danışıqlara başlanıla bilər.