Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə nəticəsində Ermənistanın kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur olması səbəbindən Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsinin bir güllə atılmadan mərhələli şəkildə azad etməsi dünyada yeni presedent yaratdı.
Bunu “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin iqtisadi, siyasi və sosial əsasları yaradılır:
“Ağdam, Kəlbəcər və Laçın Azərbaycanın hərbi-siyasi yolla erməni işğalçılarından təmizlədiyi ərazilərdir. Hazırda həmin ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır, ərazilərdə təhlükəsizliyin bütün parametrləri, o cümlədən hərbi, iqtisadi, siyasi və sosial əsasları yaradılır. Bu əsaslar "Böyük Qayıdış" Proqramının tam şəkildə icra olunmasından sonra Azərbaycanın mövqeyini daha da irəli aparacaq".
Siyasi şərhçi bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə işğaldan azad edilmiş torpaqların iqtisadiyyata reinteqrasiyasına nail olur:
"Bu dövr ərzində Azərbaycana qarşı bir sıra qarayaxma kampaniyaları həyata keçirildi, təzyiqlər edildi. Bununla belə Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən 3 il sonra bir günlük antiterror əməliyyatı ilə suverenliyini təmin etməyə nail oldu. Bununla da dövlətimiz həm Qarabağ iqtisadi zonasında həm də Şərqi Zəngəzurda təhlükəsizliyin sistemli təminatı üzrə həlledici məsələləri öz portfelinə daxil etdi”.
Ekspert Azərbaycanın hazırda regionda təhlükəsizliyin mütləq təmini üçün Ermənistanla danışıqlar apardığını diqqətə çatdırıb.
“Ermənistan Azərbaycanın şərtlərindən imtina edəcək bir mövqe nümayiş etdirsə, Azərbaycan özünə xas müxtəlif əməliyyatlar vasitəsi ilə təhlükəsizlik zonasının yaradılmasına nail ola bilər. Bu əsasən Şərqi Zəngəzur, xüsusən də Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan istiqamətləri üzrə erməni qoşunlarının provokativ hərəkətlənməsinə qarşı həyata keçirilə biləcək bir akt kimi tarixə düşə bilər”, - A. Kərimov vurğulayıb.