Şəxsiyyəti 31 ildən sonra müəyyən olunan şəhidin Gəncə şəhərindəki məzarı abadlaşdırılaraq ailəsinə təqdim edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhidlər Xiyabanında dəfn edilmiş şəxsiyyəti yeni müəyyənləşdirilən şəhid Hafiz Qədim oğlu Məmmədovun məzarı abadlaşdırılaraq ailəsinə təqdim olunub.
Mərasimdə şəhidin doğmaları ilə yanaşı, Gəncə şəhəri və Kəlbəcər rayonunun rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, H.Məmmədov 1971-ci il aprelin 19-da Kəlbəcər şəhərində anadan olub. O, 1993-cü il martın 30-da könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib. Leytenant Hafiz Məmmədov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.1993-cü il aprel ayının 3-də Murovdağ yüksəkliyi, "Güzgü" adlanan post uğrunda gedən döyüşlərdə itkin düşüb. Naməlum şəhid kimi Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.








