Şəkidə "Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi" keçirilir.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Gənclər və İdman Nazirliyi, Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən 9-14 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir.
Düşərgənin keçirilməsində əsas məqsəd qeyri-formal təhsil metodları ilə gənclərin beynəlxalq əməkdaşlığını gücləndirmək və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir. Düşərgədə hər iki ölkədən təxminən 120 gənc iştirak edir.
Yay düşərgəsinin 3-cü günündə Gənclərə “Effektiv Ünsiyyət və Komanda işi“ mövzusunda təlim keçirilib. Bu təlimlərdə gənclər öz emosiyalarını anlamaq, idarə etmək, effektiv kommunikasiya və idarəetmə mövzularını öyrəniblər. Bu da onların şəxsi və peşəkar həyatlarında daha uğurlu və məhsuldar olmasına kömək edəcək.
5 gün davam edəcək düşərgədə gənclər üçün peşəkar təlimçilər tərəfindən interaktiv seminarlar və master-klaslar keçiriləcək.