"Şəhərsalma və Memarlıq İli" Azərbaycanın inkişaf yolunda yeni keyfiyyət mərhələsinin başlanğıcıdır - RƏY

Daxili siyasət
  • 22 dekabr, 2025
  • 17:35
Şəhərsalma və Memarlıq İli Azərbaycanın inkişaf yolunda yeni keyfiyyət mərhələsinin başlanğıcıdır - RƏY

"Şəhərsalma və Memarlıq İli" mütəxəssislər, memarlar, urbanistlər və gənc yaradıcılar üçün yeni imkanlar ili olacaq.

Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı ili ölkədə "Şəhərsalma və Memarlıq İli" elan etməsi müasir Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini əks etdirən strateji qərardır:

"Bu Sərəncam urbanistik düşüncənin, milli memarlıq irsinin və müasir şəhər mədəniyyətinin dövlət siyasətində prioritet mərhələyə keçdiyini göstərir. Bakıdan regionlara, ən ucqar yaşayış məntəqələrindən azad edilmiş ərazilərə qədər həyata keçirilən layihələr sübut edir ki, şəhərsalma artıq sadəcə infrastruktur məsələsi deyil, sosial rifahın, estetik düşüncənin və milli kimliyin ifadə vasitəsidir. Ona görə də dövlət başçısının Sərəncamı bu yanaşmanı sistemli, elmi və konseptual mərhələyə daşıyır".

Deputat bildirib ki, Azərbaycan şəhərsalma sahəsində unikal tarixi təcrübəyə malikdir:

"İçərişəhərdən Şəkiyə, Gəncədən Naxçıvana qədər formalaşmış memarlıq məktəbləri xalqın dünyagörüşünü, həyat tərzini və estetik zövqünü özündə ehtiva edir. Müasir dövrdə bu irsi qorumaqla yanaşı, onu yeni texnologiyalar, ekoloji tələblər və urbanistik çağırışlarla uzlaşdırmaq dövlət siyasətinin əsas xəttinə çevrilib. Prezidentin imzaladığı Sərəncam məhz bu tarixi-müasir sintezə strateji çərçivə yaradır".

Elnarə Akimova

E.Akimova həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesinə də diqqət çəkib:

"Qarabağ və Şərqi Zəngəzurda salınan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları Azərbaycan şəhərsalmasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Burada memarlıq yalnız binaların qurulması deyil, insan mərkəzli, təhlükəsiz, ekoloji və funksional yaşayış mühitinin yaradılması anlamına gəlir. 2026-cı ilin bu sahəyə həsr olunması həmin təcrübənin ölkə miqyasında modelə çevrilməsinə imkan yaradacaq".

Milli Məclisin üzvü vurğulayıb ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində elmi müzakirələrin, beynəlxalq forumların, sərgilərin, müsabiqələrin və maarifləndirici layihələrin keçirilməsi gözlənilir:

"Bu da şəhərsalmada peşəkar mühitin güclənməsinə, dünya təcrübəsinin öyrənilməsinə və milli memarlıq düşüncəsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edəcək. Eyni zamanda, bu qərar şəhərsalma prosesində ictimai məsuliyyəti də ön plana çıxarır. Şəhər mədəniyyəti yalnız memarların deyil, cəmiyyətin bütün üzvlərinin davranış və düşüncə tərzi ilə formalaşır. Yaşayış mühitinə hörmət, tarixi binaların qorunması, ictimai məkanlardan düzgün istifadə kimi məsələlər "Şəhərsalma və Memarlıq İli"nin ideoloji mahiyyətinin tərkib hissəsidir".

Deputat Prezident İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsinin Azərbaycanın inkişaf yolunda yeni keyfiyyət mərhələsinin başlanğıcı olduğunu da söyləyib:

"Bu Sərəncam ölkənin yalnız iqtisadi və sosial tərəqqisini deyil, estetik zövqünü, mədəni yaddaşını və gələcək nəsillər üçün formalaşdırılan yaşayış fəlsəfəsini əhatə edir. Azərbaycan şəhərləri bu ildən sonra təkcə yaşayış məkanı deyil, milli düşüncənin, müasir dövlətçilik baxışının və mədəni özünüdərkin simvolu kimi daha aydın şəkildə görünəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti