Azərbaycanda deputatların ailə üzvləri üçün xarici ölkələrə səfər edərkən hava limanında VIP salondan istifadə etmək hüququ bərpa edilməlidir.
"Report" xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
"Əvvəllər millət vəkilləri diplomatik pasportla xarici ölkələrə gedəndə ailə üzvlərini də özləri ilə apara bilirdilər. Sonra onların özləri olmadan da övladları və həyat yoldaşı VIP salondan istifadə edə bilirdi. Bu qanun hər yerdə eynidir. Hətta əvvəl deputat olub, sonra olmayanlar da VIP salondan istifadə edə bilirdi. İndi qayda belədir ki, özün gedirsənsə istifadə edə bilərsən, amma ailə üzvləri tək gedirsə VIP salona daxil ola bilməz", - S. Rüstəmxanlı deyib.
O bildirib ki, bu məsələdə deputatlara fərqli münasibət var: "VIP salonlardan ticarət adamları, vəzifəli şəxslərin qohumları rahat istifadə edə bilir, amma deputatlar bu hüquqdan istifadə edə bilmir. Niyə belə ögey münasibət olmalıdır? Mən istəyirəm bu məsələ bizim aidiyyəti orqanların qarşısında qaldırılsın".
Bundan başqa, onun sözlərinə görə, o, təxminən 30 ildir ki, dövlət panasionatında qalır: "İkiotaqlı mənzilim var. Mənim bütün yazı-pozu işlərim ora [pansionat] ilə bağlıdır. Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orda güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan deputatlar, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam. Başqa imkanım yoxdur.
Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harda görülüb? Niyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna deputat statusunun aşağı salınması kimi baxıram".