Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ölkənin suverenliyinin bərpasının hüquqi legitimliyi prosesini başa çatdırır.
"Report" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müşahidə missiyasının rəhbəri - Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov deyib.
“Ali qanunverici orqana seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirik. Fikrimcə, Azərbaycanda 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra parlament seçkiləri ölkənin suverenliyinin bərpasının hüquqi legitimləşdirilməsi prosesini başa çatdırır”, - o bildirib.
Rusiyalı senator vurğulayıb ki, Rusiyanın ətrafında çiçəklənən, suveren və güclü dövlətlərin olması çox vacibdir: “Biz Azərbaycanı məhz belə qəbul edirik”.
İ.Umaxanov qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycana son səfəri zamanı imzalanmış sənədlər Bakı ilə Moskva arasında əlaqələrin inkişafına təkan verəcək.
O bildirib ki, Azərbaycan parlamentinin deputatlığına bir çox namizədləri tanıyır: “Bu insanlar ictimai rəyin liderləridir, onlara uğurlar arzulayıram. Mən ilk növbədə Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıram”.