Qusarda "Zəfər Forumu" keçirilib - YENİLƏNİB

Qusarda "Zəfər Forumu" keçirilib - YENİLƏNİB Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qusar rayonunda Zəfər Forumu keçirilir.
Daxili siyasət
25 Oktyabr , 2022 15:31
Qusarda Zəfər Forumu keçirilib - YENİLƏNİB

Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qusar rayonunda Zəfər Forumu keçirilib.

"Report"un Şimal bürosunun xəbərinə görə, forum rayondakı Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbirdə Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarını təmsil edən şəhid ailələri, mübaribə iştirakçıları, rayon fəalları, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə PA-nın Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, PA-nın məsul əməkdaşı Əli Pənahov, adları qeyd olunan şimal bölgəsinin rayonlarının icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və  Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Tədbiri giriş nitqi ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov forum iştirakçılarını  salamlayıb. Bütün xalqımız kimi qusarlıların da hər zaman Heydər Əliyev ideyalarına sadiq olduqlarını qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb. Növbəti Zəfər Forumunun Qusarda keçirilməsinin onlara göstərilən böyük etimad kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.

PA-nın Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu qeyd edib.

Qeyd edək ki tədbir çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi də həyata keçirilib.

Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər. 
Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.

Tədbir iştirakçıları əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib. 

Qeyd edək ki, növbəti forumlar Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

13:42

Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qusar rayonunda Zəfər Forumu keçirilir.

"Report"un Şimal bürosunun xəbərinə görə, tədbir rayon Mədəniyyət Mərkəzində təşkil olunub.

Forumda PA-nın Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, PA-nın məsul əməkdaşı Əli Pənahov, Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarından olan idarə və təşkilatların nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi