​Prezident Qazaxıstan və Vyetnamın yeni təyin olunmuş səfirlərini qəbul edib

​Prezident Qazaxıstan və Vyetnamın yeni təyin olunmuş səfirlərini qəbul edib Diplomatlar öz etimadnamələrini İlham Əliyevə təqdim ediblər
Daxili siyasət
19 Aprel , 2015 15:48
​Prezident Qazaxıstan və Vyetnamın yeni təyin olunmuş səfirlərini qəbul edib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 19-da Qazaxıstan və Vyetnamın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Beybit İsabayev və Nquyen Than Şonun etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı daha sonra hər iki səfir ilə söhbət edib.

Beybit İsabayevlə görüş zamanı xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlət başçısı müasir dövrdə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxdığını məmnunluqla qeyd edib. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Qazaxıstanın mühüm birgə iqtisadi, enerji, nəqliyyat layihələrini həyata keçirdiyini deyərək bütün bunların əməkdaşlığımızın potensialının daha da gücləndirilməsi işinə xidmət etdiyini bildirib. Prezident İlham Əliyev Xəzərin statusunun müəyyənləşdirilməsi və Xəzər hövzəsində əməkdaşlıqla bağlı Azərbaycan ilə Qazaxıstan arasında tam qarşılıqlı anlaşmanın olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı Beybit İsabayevin səfir kimi fəaliyyəti dövründə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və ölkələrimizin regional əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərinin daha da artırılacağına ümidvar olduğunu deyib.

Səfir Beybit İsabayev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin salamlarını dövlət başçısına çatdırıb. Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirən səfir Beybit İsabayev fəaliyyəti dövründə əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Daha sonra Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfiri Nquyen Than Şon etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Yüksək səviyyəli qarşılıqlı təmasların ölkələrimiz arasında əlaqələrin dinamik və uğurlu inkişafının göstəricisi olduğunu deyən prezident İlham Əliyev mövcud əlaqələrin hazırkı vəziyyətinin razılıq doğurduğunu qeyd edib. Prezident İlham Əliyev səfirin fəaliyyətinin ikitərəfli münasibətlərin gücləndirilməsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Səfir Nquyen Than Şon Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanqın salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırıb. Nquyen Than Şon ölkəsinin Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində və daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi