PA rəhbəri: "Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır"

Daxili siyasət
  • 14 oktyabr, 2023
  • 08:00
PA rəhbəri: Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır

“Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb”.

“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün tam əminliklə demək olar ki, tarixi kontekstdə qısa dövr olsa da, bu 20 il Azərbaycanın qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir.

PA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olub.

“Məhz buna görədir ki, ötən dövr ərzində keçirilmiş 4 prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olur, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır”, - deyə o əlavə edib.

Samir Nuriyev vurğulayıb ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar nəticəsində formalaşmış mükəmməl dövlət idarəçiliyi sistemi beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlər təşkil olunarkən, COVID-19 pandemiyası zamanı, Vətən müharibəsi dövründə, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan nəhəng bərpa və yenidənqurma işlərində öz yüksək effektivliyini aydın nümayiş etdirdi:

"Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğun çevik icra mexanizmlərinin tətbiqi, bacarıqlı və savadlı gənc kadrların idarəçilik prosesinə cəlb edilməsi və həyata keçirilən digər tədbirlər qəbul olunan qərarların, dövlət başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün etibarlı zəmin yaratmışdır".

Onun sözlərinə görə, Prezident İlham Əliyev müəllifi Ulu Öndər olan və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi:

"Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir”, - deyən İlham Əliyev Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasını, gənc nəslin vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunda böyüməsini ən vacib məsələlərdən biri hesab edir. Məhz onun ölkəyə rəhbərliyi dövründə formalaşmış gənc nəsil Vətən müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü və böyük bir missiyanı şərəflə yerinə yetirdi".