Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində “exit-poll” keçirən ABŞ-ın “Oracle Advisory Group” təşkilatının təmsilçisi Vlada Qalan Qarabağda “exit-poll” keçirməyin tarixi hadisə olduğunu bildirib.
“Report”a açıqlamasında Vlada Qalan deyib ki, 10 ilə yaxın müddətdə Azərbaycanda beş seçkidə “exit-poll”ar həyata keçiriblər:
“Növbədənkənar prezident seçkilərində ölkə ərazisi üzrə 40 dairədə və 500 seçki məntəqəsində “exit-poll” keçiriləcək. Həmin seçki məntəqələrindən 6-sı da məhz işğaldan azad olunan ərazilərin payına düşüb, Qarabağdadır və bu, bizim üçün tarixi hadisədir. Bu tarixi zamanda fəaliyyət göstərdiyimiz üçün həm şadıq, həm də çox həyəcanlıyıq. İnanıram ki, bundan sonra da fəaliyyətimiz davam edəcək”.
Azərbaycanın bütün ərazisində əməkdaşlarının olduğunu bildirən təşkilat təmsilçisi vurğulayıb ki, 30 nəzarətçi və 1000-dən çox müsahibə götürən nümayəndələri var: “Məlumat mərkəzində isə 20-dən çox nəzarətçimiz və 40 məlumat analitikimiz fəaliyyət göstərir. “Exit-poll”un nəticələri bu gün seçkilər başa çatdıqdan - saat 19:30-da elan ediləcək”.