Naxçıvan şəhərində "Vətəndaşların seçki hüququnun konstitusion əsasları” mövzusunda dəyirmi masa təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq "Vətəndaşların seçki hüququnun konstitusion əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət orqanlarının əməkdaşları, seçki məntəqələrinin məsul şəxsləri, gənc seçicilər və media nümayəndələri iştirak edib.
Ombudsman Aparatı tərəfindən hazırlanmış “Azərbaycan parlamenti müstəqillik illərində” adlı videoçarxın nümayişindən sonra çıxış edən muxtar respublikanın Ombudsmanı Günay Rzayeva vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunması və seçki sisteminin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini haqqında danışıb.
Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin keçirilməsi ilə bağlı görülən işlər və birgə təşkil edilən maarifləndirici tədbirlərin əhəmiyyəti barədə məlumat verib.
Sonra “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda təqdimat edilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə “Mənim seçki hüququm” adlı bukletlər paylanılıb, xatirə fotosu çəkilib.