“Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq

“Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir
Daxili siyasət
218
22 Fevral , 2021 17:31
“Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Agentlik İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilməsini təmin edib, onun nizamnamə fondunda nəzərə alınması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Agentlik Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, beynəlxalq təcrübə nəzərə alınaraq “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın 1-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı hissələrinin icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi