Məhkumlar öz hüququndan istifadə edərək şəffaf şəkildə səs verirlər.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı İstintaq Təcridxanasında təşkil olunan səsvermə zamanı "38" saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev deyib.
O bildirib ki, bu gün digər cəzaçəkmə müəssisələrində olduğu kimi Bakı istintaq Təcridxanasında səsvermə prosesi keçirilir:
"Burada saxlanılan şəxslər öz hüququndan istifadə edərək şəffaf və azad şəkildə səs verir. Burada bütün şərait yaradılıb".
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.