“Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova itkin düşən şəxslər haqqında məlumatı təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməsinin vacib olduğunu bildirib.
“Report”un işğaldan azad edilmiş ərazilərə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə “Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova jurnalistlərə açıqlamasında deyib.
K.Behbudova qeyd edib ki, Azərbaycanda müharibə qurbanı olan 4 minə yaxın şəxsin taleyindən hələ də xəbər yoxdur:
“Ağır və çətin olsa da, biz itkin ailələri, məzarsız şəhidlərimizin döyüşdüyü torpaqları qürurla ziyarət edirik. Çünki biz artıq 30 ildən sonra azad, müstəqil Azərbaycanın bütövləşən torpaqlarındayıq. Bu torpaqlara bizim itkin düşən şəhidlərimizin qanı tökülüb. Bu torpaqlarda bizim itkinlərimiz, şəhidlərimiz öz qanları ilə tarix yazıblar. İndi burada olan itkin düşmüş şəxslərin ailələri bu 33 ildə inanılmaz əzab və iztirab çəkiblər. Bunu sözlə ifadə eləmək çox çətindir”.
QHT rəhbəri bildirib ki, hazırda nüfuzlu beynəlxalq təşkilatların bu məsələyə səssiz qalmaları ciddi təəssüf doğurur:
“Biz 33 ildir ki, gözü yolda qalan itkin ailələriyik. Biz bu zamana qədər qeyri-müəyyənlik içərisində yaşamışıq. Çünki itkin düşənlərimizin başına nələr gəldiyindən xəbərimiz yoxdur. Onların necə və hansı şəraitdə öldürüldüyünü bilmirik. Onların hansı əzab və əziyyətlə qətlə yetirildiyi bizə məlum deyil. Ancaq bu gün BMT də daxil olmaqla, dünya birliyi bütün bunlara göz yumur. Hələ bu azmış kimi, saysız müharibə cinayətləri törədən, əli günahsız insanların qanına batan Ermənistana yardım edir. Bu gün biz hamımız, bütün itkin ailələrinin səsi olaraq dünyaya müraciət edirik. Biz 33 ildir, Ermənistanın qəbuledilməz mövqeyinə görə doğmalarımızdan xəbər ala bilmirik, 4 minə yaxın soydaşımızın taleyindən xəbərsizik. Biz sadəcə olaraq, haqqımız olanı istəyirik.”.
Onun sözlərinə görə, itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi məqsədilə müvafiq məlumatları Azərbaycana təqdim etməsi üçün beynəlxalq birliyi Ermənistana təzyiq göstərməyə çağırıblar:
“Biz itkin sayılan yaxınlarımızın yerini bilmək istəyirik. İşğaldan azad edilən torpaqlarımızda kütləvi məzarlıqlar aşkarlanır. O məzarlar aşkar edildikcə, tapılan qalıqlara əsasən, onların işgəncələrə məruz qaldıqlarını və vəhşiliklə öldürüldüklərinin şahidi oluruq. Niyə dünya ictimaiyyəti bu faktlara, doğmalarımıza işgəncə verənlərin əməllərinə göz yumur? İtkin ailələri olaraq, bizim hüquqlarıməz beynəlxalq səviyyədə tapdalanır, əzab və iztirab çəkməyə məhkum oluruq.”
K.Behbudova ermənilərin törətdiyi bəşəri cinayətlər sırasında olan ərazilərin minalarala çirkləndirilməsinin bu gün də dinc əhali üçün böyük təhlükə yaratdığını, dünyanın bu əməllərə də göz yumduğunu diqqətə çatdırıb:
“Biz işğaldan azad olunan ərazilərimizə sərbəst gedə bilmirik. Çünki torpaqlarımız mina və partlamamış hərbi sursat sursatlarla çirkləndirilib. Biz itkin ailələri olaraq, bütün dünyaya səslənirik. Bizim səsimizə səs versinlər! İtkinlərimizin qalıqlarının yerini desinlər, tapdalanan hüquqlarımızın müdafiəsinə qalxsınlar. Bizim itkinlərimizin taleyinə aydınlıq gətirməsi üçün Ermənistana təzyiq etsinlər. Bu cinayəti törədənlərin haqq-ədalət qarşısında cavab vermələri təmin olunsun. Biz bunu bütün dünyadan tələb edirik. Səsimizin beynəlxalq təşkilatlara çatmasını istəyirik.
Əlbəttə, bu işdə ilk olaraq, dövlətimizə və dövlət başçımıza çox güvənirik. Xatırlayırsınızsa, Bakıda keçirilən beynəlxalq konfransda cənab Prezidentin çağırışı oldu və itkin sayılan şəhidlərimizin axtarışının sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edildi. İnanırıq ki, bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticə verəcək”.