"Çox sağ olun, Qubadlının və digər azad edilmiş rayonların iqtisadi inkişafı ilə bağlı bir daha demək istəyirəm ki, bizim çox dəqiq planlarımız olmalıdır. Biz çox yaxşı təcrübə toplamışıq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Artıq bir neçə proqram icra edilmişdir və o təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparılmalıdır".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, bura qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir.
Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır. Hökumətə tapşırıq verildi, müxtəlif nazirliklər fəaliyyət göstərir və əminəm ki, Milli Məclis də bu işlərə öz töhfəsini verəcək. Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır" , - dövlət başçısı bildirib.