Bakıda "Heydər Əliyev irsi və multikultural dəyərlər" adlı konfrans keçirilib

Bakıda "Heydər Əliyev irsi və multikultural dəyərlər" adlı konfrans keçirilib Konfransdan əvvəl YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Daxili siyasət
7 May , 2016 13:12
Bakıda Heydər Əliyev irsi və multikultural dəyərlər adlı konfrans keçirilib

Bakı. 7 may. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Heydər Əliyev irsi və multikultural dəyərlər" adlı konfrans keçirilib.

"Report"un məlumatına görə, konfransdan əvvəl YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Konfransı baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov açaraq, Azərbaycan cəmiyyətinin yüz illər boyu tolerant bir dövlət olduğunu və burada müxtəlif dinlərin və etnik dini icmaların birgə dinc və dostluq şəraitində yaşadığını bildirib. O qeyd edib ki, Azərbaycanda bu gün mövcud multikultural dəyərlər dünyaya bir nümunə kimi təqdim olunur. Ə.Əhmədov ümumilli lider Heydər Əliyevin də məhz bu siyasətə önəm verdiyini xatırladıb və əlavə edib ki, bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bunun nəticəsidir ki, bu gün ölkəmiz sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib".

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla və digərləri çıxış edərək, Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin oturuşmasından, eləcə də bunun dünyaya təbliğ olunmasından söz açıblar.

Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, parlament sədrinin müavini Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar, Bakı rayonlarının icra hakimiyyətlərinin başçıları, YAP-ın rayon təşkilatlarının sədrləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi