Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.
Bu barədə "Report"a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.
"Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.