"İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında söyləyib.
“Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək”, - deyən dövlət başçısı əlavə edib ki, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. O kəndlərin bərpasına start verilməsi və vətəndaşların oraya qaytarılması üçün artıq işlər gedir.
Ağdam şəhərinin baş planı təsdiqləndiyini, digər şəhərlərin baş planının təsdiqlənməsinin yaxın aylarda nəzərdə tutulduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq. Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.