Dövlət başçısı: "44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi"

Dövlət başçısı: "44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi" “Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq və postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Bizim 44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi”.
Daxili siyasət
22 Aprel , 2022 12:42
Dövlət başçısı: 44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi

“Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq. Artıq postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Çünki bir daha demək istəyirəm, bizim Qələbəmiz, özü də 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri bizə həmişə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan bu 30 il ərzində işğal edilmiş torpaqlarda istehkamlar qurmuşdur, müdafiə xətləri qurmuşdur. Eyni zamanda, Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq. Çoxlu itkilər olacaq, ancaq nəticədə bütün bu fərziyyələr demək olar ki, etibarsız oldu. Onlar bir məsələni diqqətdən kənarda qoymuşdular - Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. Bəli, düzdür, bəzi yerlərdə beş, bəzi yerlərdə altı müdafiə xətti qurulmuşdu, istehkamlar qurulmuşdu, tikanlı məftillər, dəmir parçaları və sair. Bölgənin coğrafiyası bizim üçün çox əlverişsiz idi.

Bütün bunlara baxmayaraq, az itki verməklə, Ermənistan ordusundan iki-üç dəfə az itki verməklə biz tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada - tarixi şəhərimizdə qoyduq. Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək.

Əgər bu şəhər ermənilərə mənsub olsaydı, bu günə qoyardılarmı bunu? Burada cəmi 1800 adam yaşayırdı. Özü də onların 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Yəni, bir dənə də burada yeni bir bina tikilməmişdi. Sadəcə olaraq, bizim təbii sərvətlərimizi istismar ediblər və təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Bəli, Xirosima atom bombası nəticəsində məhv edildi. Ağdam və digər şəhərlər erməni vandallığı nəticəsində məhv edildi. Birinci Qarabağ müharibəsi dayanandan sonra 30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar və beynəlxalq təşkilatların hesabatlarında bu, var. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik. Onların Birinci Qarabağ müharibəsində, İkinci Qarabağ müharibəsində, iki müharibə arasındakı dövr ərzində bütün əməlləri faşist əməlləridir. Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil, bəs nədir? “Tocka-U”, “SCUD”, “İskəndər-M” raketi ilə Şuşa vurulmuşdur. Qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdır və bir daha biz sübut etdik ki, Ermənistan bu ölümcül silahdan, qadağan edilmiş silahdan və onlarda heç cür olmayan silahdan istifadə edib. Buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İskəndər-M” raketinin qalıqlarını görə bilərlər” - Prezident qeyd edib.

Son xəbərlər

Orphus sistemi