“Biz Cəbrayıldan çıxanda yaşım çox az idi. Uzun illər ərzində vaqonlarda, məktəblərdə yaşamışıq. Qardaşım Çingiz Musa oğlu Qasımov Cəbrayılın ilk şəhididir. Ən böyük arzum onun məzarını ziyarət etməkdir”.
“Report” xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Qasımlı Gündüz deyib.
“Geri qayıdanda inanıram ki, rayonumuzun inkişafında bizim də rolumuz olacaq. Çox sevincliyəm ki, doğma torpağımıza gedirik. Şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa diləyirəm. Bu şəraiti bizə yaradan Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq”,-deyə o, vurğulayıb.
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 40 ailə (123 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 117 ailənin (364 nəfərin) məskunlaşması təmin edilib.