Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Daşkəndin daşdan ilməyə köçən yaddaşı: xalçaların sirləri” adlı veriliş efirə gedib.
"Report" xəbər verir ki, verilişdə Göyçə mahalında fərqli təbiəti ilə seçilən, qayalıqların və daşların arasında olan Daşkənd kəndindən söz açılır: “Daşkənd qədimdən oğuz-türk yurdu hesab olunur. Elə oradakı məhəllə, yer-yurd adları da bizə məxsus olduğunu, orada Azərbaycan türklərinin məskunlaşdığını göstərir. Daşkəndin unikal təbiəti, unikal insanları və çox qəribə, fərqli məhəllə, yer-yurd adları bir daha onu göstərir ki, qədimdən Azərbaycan türkləri burada məskunlaşıb. Tarixin əsas hissəsi məhz 1918-ci il hadisələri ilə bağlıdır. Daşkənd kəndinin əsas faciələrindən biri elə 1948-1953-cü il köçürülməsi zamanı başladı. Daşkəndlilər də 1953-cü ildə öz doğma yurdlarından - Daşkənddən qovularaq, Bərdənin indiki "Daşkənd" adlandırılan kəndinə gəldilər. Onda o kənd yox idi, cəmi, yeddi çinardan ibarət boşluq sahə idi. Bu yeddi çinar, yəni qovaq ağacının altında daşkəndlilər öz kəndlərini yaratmalı idi. Fərqli təbiət, fərqli hava şəraiti bu insanların sağlamlığına, həyat tərzinə də təsir elədi”.
Verilişdə bildirilir ki, Daşkənd kəndinin xalçaları özünün unikallığı ilə seçilir: “Daşkənd kəndinin məhəllə adlarına baxanda, biz orada Qarabağla, Qazaxla, Gəncə ilə bağlı məhəllə adlarını görürük. Bütün bunlar onların xalçalarına da təsir edib. Bu gün Daşkənd xalçalarından danışanda cəsarətlə demək olar ki, bu xalçalarda Azərbaycanın müxtəlif bölgələrinin elementləri fəal iştirak edir. Misal üçün Qazax və ya Qarabağ xalçaları fəal şəkildə özünü Daşkənd xalçalarının bədii həllində göstərir. Ümumiyyətlə, Göyçə xalçaçılıq məktəbi özünün üstün cəhətləri ilə seçilir. Burada qədim türk inanclarının əyani şəkildə ifadəsi cəsarətlə verilir. Azərbaycanın müxtəlif bölgələrində toxunan xalçalarda istifadə olunan elementlər burada da fəal istifadə olunub. İstər keçidlər, istər həndəsi quruluş, istər rəng kompozisiya həlli bizim inanclarımızın ifadəsidir. Bu xalçalarda bizim əsl keçmişimiz yatır. Türklüyümüz, türk milliyyətçiliyimiz, mahiyyətimiz, bizim sülhməramlı, qurucu olmağımız bu mənzərədə açıq görünür. Buradakı elementlərdə təbiət hadisələrinə bağlılığımız, təbiət hadisələrinin mifoloji, mistik, real təqdimatı öz əksini tapıb. Bu xalçalarda rənglərin simfoniyasını, təbiətin stilizə olunmuş formada təqdimatını görürük. Mifoloji elementlərin real həyatla uyğunluğu və inanclarımızın - göy, ağac, daş, torpaq, od inancları bütövlükdə bu xalçalarda öz əksini tapır. Xalça həm də böyük mistikanın, böyük bir mifoloji dünyanın daşıyıcısıdır”.
Sonda diqqətə çatdırılır ki, bu gün 70 il ötür o köçürülmənin, yeni Daşkəndin salınmasının, deportasiyanın amansız tarixinin 70 ilidir:
“Bu illər ərzində, əlbəttə, insanlar bu təbiətə dözmədi və bu şəraitə dözməyən insanlar dünyasını dəyişdi. Amma bu Daşkənddə Göyçənin Daşkəndinin adət-ənənələri yaşayır. Daşkəndlilər əsasən Bərdə rayonunun yeni Daşkəndində məskunlaşıblar. Əlbəttə, Azərbaycanın müxtəlif bölgələrinə, hətta dünyanın müxtəlif bölgələrinə səpələnən daşkəndlilərin hər birinin içində vətənə qayıtmaq, Göyçədəki Daşkəndə qayıtmaq eşqi var. Bu eşq, bu ruh həm də milli kimlik, yurda bağlılıq, vətənə bağlılıq məsələsidir. Göyçə həsrəti, Basarkeçər, Daşkənd həsrəti hər bir daşkəndlinin ürəyində var. Yeni Daşkəndin əsasının qoyulmasının 70 illiyi ilə bağlı tədbirdə də biz bunun şahidi olduq. Bütün bu istəklər, arzular yeni toxunan xalçalarda da öz əksini tapır. Bu ənənə davam edir, nənələr öz nəvələrinə, tələbələrinə ötürürlər bu məlumatları. Bu məlumatların hər birində məhz Göyçə xalça məktəbinin və ayrılıqda götürsək, elə Daşkənd xalçalarının içində olan bizim inanclarımız, ümidlərimiz və arzularımız əks olunur. Bundan sonra toxunan xalçaların hər birində həmdə bir qayıdış istəyi olacaq və bu qayıdış istəyi xalçaçılıqda bir naxış yaradacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.