Bakı Forumu: “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel iclası keçirilib

Bakı Forumu: “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.
Daxili siyasət
18 İyun , 2022 10:43
Bakı Forumu: “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.

"Report" xəbər verir ki, Forum çərçivəsində “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda növbəti panel iclası keçirilib.

2004-2009-cu illərdə BMT-nin Ukraynadakı rezident əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında “İqtisadi bərabərsizliklərə fokuslanmaq gender meyarını gizlətmək məqsədi daşıyır? Bəs azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər? Rifah və gəlirlə bağlı bərabərsizliyi nəzərdən keçirməliyik? Zənginlər üçün "vergi cənnətləri"nin qarşısının alınması və vergi sistemində daha böyük bərabərliyə nail olmaq məqsədilə qeyd olunan sahələrdən biri qlobal vergi rejimini dəyişməlidirmi? Müvafiq konvensiyalarda yer aldığı fərz edilən bu kimi yeni qlobal vergi tədbirləri effektiv qüvvəyə malik olacaqdırmı? Bu sahədə həyata keçirilən tədbirlərin hər hansı qiymətləndirmə şkalası çərçivəsində bütün hallarda ən həssas qrupda yer almağa davam edən yoxsulların faydalana biləcəyini nə dərəcədə təmin edə bilərik? Sərvət vergisi, əkin sahələrinin kəndlilərin və torpaq sahəsi olmayan işçi qüvvələri arasında bölüşdürülməsi, münasib minimal əməkhaqqı, habelə səhiyyənin və təhsilin əlçatanlığı kimi tədbirlərin milli sərhədlər daxilində deyil, daha çox beynəlxalq çoxtərəfli səviyyədə həyata keçirilməsi üçün bu hərəkat nə qədər gücləndirilməlidir?” kimi suallara cavablar axtarılıb.

Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Panel iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, ölkə sisteminin dayanıqlığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığı təmin edilməlidir:

“Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır. Cəmiyyətin dəyərlərinə də diqqət yetirməliyik. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik”.

Nazir həmçinin qeyd edib ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda məcburi köçkünlər və qaçqınlar kimi həssas təbəqə meydana gəlib:

“Biz gəlirləri bu həssas təbəqələrin gəlirlərinin artırılmasına yönəltmişdik. Biz siyasəti inklüzivliyə fokuslaşdırdıq, sosial müdafiə mexanizminin yaradılmasına çalışdıq. Dövlət Neft Fondunun ehtiyatları qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onlar üçün evlərin tikilməsinə yönəldildi. O cümlədən tələbələrin xaricdə təhsilinə də vəsaitlər ayırıldı. Biz Azərbaycanda minimum pensiyanın məbləğinin artırılmasına diqqət yetirdik”.

Daha sonra çıxış edən Ekvadorun sabiq Prezidenti Rozaliya Arteaqa Serrano bildirib ki, vergi sistemi bərabərsizlik üçün bir meyar olmalıdır:

“Artıq texnologiyalar həyatımızda mühüm rola malikdirlər. Gender məsələləri də bərabərsizliyə gətirib çıxarır. Qadınların təhsil almaması hansısa arzuolunmaz hallara gətirib çıxara bilər. Qadınlarla kişilər arasında böyük fərqlər var. Müharibələr zamanı da qadınların hüquqları pozulur. Biz bu problemləri böyüdərək ətraflı müzakirə etməliyik. Biz hər bir insanın dəyərini anlamalıyıq”.

UNESCO-nun 36-cı Ümumi Konfransının Prezidenti Katalin Boqyayisə deyib ki, təhsildə olan bərabərsizlik aradan qaldırılmalıdır:

“Hər bir uşaq öz karyerasını qurmaq hüququna malikdir. Həmçinin fikrimcə dini, mədəni, etnik azlıqlar tanınmalıdır. Biz həmçinin qadınların sülhə gətirən səlahiyyətlərini də genişləndirməliyik”.

Panel iclas çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi